| Forum |
|
|
|
| 03-12-2006 |
| Görün, hara gəlib çıxdı Azərbaycan |
Cavanşir Quliyev: «...Polisi adam oğurlayır, kəndçisi ölüm hökmü çıxarır!»
II söhbət
Gəlin yaltaqlığı həyat kredosuna çevirməyən indiki Azərbaycan sənətkarlarını saymağa çalışaq: bir, iki, üç Tezliklə nitqimiz qırılacaq, gözlərimiz naməlum bir nöqtəyə ilişib-qalacaq, boğazımız quruyacaq Nədən ki, həqiqət aşiqi olan sənətkarları sevmirik, qorumuruq. Hələ hardasa əl-ələ verib onların mənəvi soyqırımına imza da atırıq, göz yumuruq, susuruq. Bu TƏKlərin TƏK yolu var: ya ölkəni tərk etmək, ya da sınmaq Bu günlərdə 56 yaşını qeyd edən, əlahiddə təqdimata ehtiyacı olmayan Cavanşir Quliyev Azərbaycanı tərk etmək yolunu seçdi. Hazırda uzaq Kiprdə yaşayıb-çalışan Cavanşir bəyi arayıb-tapdıq, bir könül söhbəti yapdıq. Bu söhbəti siz də dinləyin Ta dinləyib, düşünün demirik. Zatən bəlli Bəstəkarlar İttifaqının sədri Cavanşir Quliyev olsa Bəstəkarlar İttifaqı indiki strukturda nə Azərbaycan xalqına, nə də İttifaqın üzvlərinə gərək deyil. Bu orqan yalnız onun rəhbərinin problemlərini həll etmək üçün fəaliyyət göstərir. Qurultaydan və kimin sədr olacağından öncə, fikrimcə, İttifaqın sovet dönəmindən qalma strukturunun müasir həyata və dünya musiqi reallıqlarına uyğunlaşdırılmasının yolları axtarılmalıdır. Ondan sonra bu strukturu kimin çalışdıra biləcəyi məsələsi gündəmə gələ bilər. Sualınızın konkret cavabına gəldikdə isə, necə qəbul olunacağından asılı olmayaraq, düşündüyümü və gəldiyim dəqiq nəticəni deyirəm. Azərbaycan Bəstəkarlar İttifaqının Azərbaycan xalqına xidmət etməsini, bunun üçün isə bəstəkarların və musiqişünasların güzəranının yaxşılaşdırılmasının nəticəsi olaraq, musiqimizin yenidən parlamasını, dünyada nüfuzunun artmasını, ədalət prinsipinin bərqərar olmasını, musiqi məkanımızın təmizlənməsini planlı şəkildə bir nəfər təşkil edə bilər və bunun üçün onun yeni struktur və yeni nizamnamə layihəsi var. İstənilən vaxt bu layihəni həmkarları ilə bölüşə bilən adam - Cavanşir Quliyevdir. Azərbaycan musiqisi ağ günə çıxa bilər Plan həyata keçsə, ölkədəki bütün musiqi yaradıcılığı və ifaçılığı ilə məşğul olanlar, musiqi növləri (əyləncəli musiqidən akademik musiqiyə qədər) bu və ya digər şəkildə İttifaqın himayəsi altına keçəcəklər, bütün tele-radio kanalları İttifaqın tövsiyələrinə qulaq vermək məcburiyyətində qalacaqlar, bəstəkar peşəsinin nüfuzu bərpa olunacaq, musiqişünaslara görünməmiş tənqid imkanları yaranacaq, Azərbaycanda bəstəkarlıq sənətinin müxtəlif növləri ilə bağlı çox sayda beynəlxalq festivallar keçiriləcək (İttifaqın bərpa olunacaq musiqi təbliğatı bürosu tərəfindən), bəstəkarlar sifariş üstə sifariş alacaqlar (Musiqi Fondu tərəfindən), İttifaqın nəzdində yaradılacaq musiqi nəşriyyatı musiqini və musiqi elmini canlandıracaq - bir sözlə, musiqi həyatı qaynayacaq. Mütləq çoxluğamı oxşamaq lazımdır? Amma... Yuxarıda adıçəkilən adamın İttifaqa sədr olması indiki Azərbaycanda kifayət qədər problematikdir. Çünki adam çox müstəqildir, Üzeyir bəyi çox sevir, İttifaq üzvlərinin hamısı ilə sabit münasibətləri var, həmişə düşündüyünü deyir, fikrini adamların üzünə söyləyir, pərdəarxası sövdələşmələri sevmir, ruşvət almaz, ruşvət verməz, alıb-verənləri də dünyanın ən alçaq cinayətkarı hesab edir. Bir sözlə, çağdaş Azərbaycan məmuru formatına uyğun gəlmir. Nəzərə alsaq ki, Bəstəkarlar İttifaqının sədri olacaq şəxs seçkiylə müəyyənləşir adamın yuxarıda sadaladığı keyfiyyətlər bəlkə bəzi İttifaq üzvlərinin də xoşuna gəlməz. Təəssüf ki, insanların hamısı cəsarətli deyil. Bu səbəbdən adamın seçilmə imkanları, bütün cazibəli təkliflərinə baxmayaraq, zənnimcə, bir o qədər yüksək deyil. Bir sözlə, hakimiyyətin gizli və güclü təzyiq vasitələrinə düşünürəm, heç ehtiyac qalmayacaq. Son illər insanlar o qədər qorxaqlaşıblar ki, yuxarıda adıçəkilən şəxsin seçilmə imkanları türklər demişkən, çox düşükdür! Mənə elə gəlir ki, hakimiyyət ağrımayan başına dəsmal bağlamaq istəmədiyi üçün İttifaq olduğu kimi - köhnə sovet quruluşunda qalacaq. Sədr vəzifəsinə isə son illər hakimiyyət tərəfindən mükafatlandırılanlardan biri gizli təzyiq və seçki saxtakarlığı vasitəsilə seçdiriləcək. Bu kim ola bilər? X.Mirzəzadə? A.Məlikov? A.Əlizadə? R.Zöhrabov? F.Əlizadə? A.Rzayev? O.Zülfuqarov? M.Mirzəyev? R.Mustafayev? M.Maqomayev? P.Bülbüloğlu? R.Mirişli? O.Kazımov? O.Rəcəbov? A.Dadaşov? E.Rüstəmov? Bunu zaman göstərəcək. Gənclər arasından da sədr "seçilmək" imkanı olanlar var. Məsələn, S.Fərəcov, Allahverdiyev qardaşları, Mirişli qardaşları. Adları çəkilənlərin hamısına dərin hörmətim var, hər hansı biri təyin olunsa, İttifaq indikindən pis olmayacaq. Hər şeyə rəğmən bəstəkarlarımız yenə möhtəşəmdir Təkrar olmasın, mənim belə bir fikrim var: Üzeyir bəy musiqimizin bünövrəsini elə möhkəm qoyub ki, bundan sonra heç nə etməsək belə, hələ 100 il də qalacaq. İndi də bu fikirdəyəm. Azərbaycan bəstəkarları hər cür həyati problemlərə rəğmən yenə də kifayət qədər yüksək keyfiyyətli əsərlər yaradırlar. Buna dünyanın bir cox ölkəsində bəstəkarlarımızın ifa olunan əsərlərini, alınan sifarişləri, gələn dəvətləri, festivallardakı çıxışları göstərmək olar. "Musiqimizin bünövrəsi" dedikdə mən bəstəkarlıq peşəsini nəzərdə tuturam, çünki musiqidə hər şeyin başı - bəstəkardır! Qalan musiqi təsərrüfatı, təəssüf ki, bəstəkarların əlində deyil, onun üçün də məsuliyyət bizim üzərimizə düşmür. Üzeyir bəy haqqında dediyim bu fikirdə son illər daha da möhkəmlənmişəm. Azərbaycan bəstəkarlıq sənəti hazırda heç bir ölkənin bəstəkarlıq sənətindən geridə deyil. Xaricə gedən bəstəkarlar bunu çox yaxşı bilir.
Gənc bəstəkarlarla işləməyin yolu Əsas gənclikdi. Təcili surətdə bütün gənc sənətkarların məişətini normallaşdırmaq, qazanc problemlərini həll etmək lazımdır. Məhz bu prosesdən sonra onlardan keyfiyyətli əsərlər tələb etmək və layiq olduqları səviyyədə bu gəncləri təbliğ etmək vacibdir. Əsərlər yüksək keyfiyyətə malik olsalar, gənc müəllifi mükafatlandıraraq, yeni əsərlər tələb etmək, yüksək sənət meyarlarına cavab verməsə, qonorarı ödəmək şərtilə həmin əsəri ifa etməmək daha düzgündür. Bir neçə belə cəhddən (keyfiyyətsiz əsərdən) sonra gənc müəllifə yeni fəaliyyət növü təklif edərək, ondan başqa cür faydalanmağın yollarını aramaq uğur gətirə bilər. Əhalisinin çoxu Allahsız ölkə Ölkəmizdən çox nigaranam. Son vaxtlar yazarların həbsi, onlara bir qrup tərəfindən ölüm fətvası çıxarılması nə deməkdir axı? Yoxsa istəyirlər ki, ölkəni dinin qanunlarıyla idarə etsinlər?! Azərbaycanın dini bir ölkəyə çevriləcəyinə inanmıram, çünki əhalisinin çoxu Allahsızdır. Məscidə gedib, namaz qılmaq hələ tam Allah adamı olmaq deyil. Mən bir çox namaz qılan adam tanıyıram ki, namazdan sonra rüşvət alır, rüşvət verir, yalan danışır, adamları aldadır, özgənin xanımına göz salır Bir sözlə, müsəlmana haram sayılan bir çox işlərlə məşğul olur. Bir də ki, müqəddəs Qurani-Kərimdə insanın canının insan tərəfindən alınmasını məsləhət görən bir cümləyə belə rast gəlməmişəm. Deməli, insanın canının insan tərəfindən alınması, sadəcə, qətliamdır, yəni cinayətdir. Cinayətkar dövlətin qanunları ilə məhkum olunmalıdır. Əslində ölüm hökmü verməyə cəhd edən belə adamlar müqəddəs dinimizə zərbə vururlar. Dinimiz insanın insan tərəfindən öldürülməsinə izn vermir! Axı o adama deyən gərək: ay zavallı, kim sənə hökm çıxartmaq hüququnu verib? Azərbaycan layiq bir dövlətdir, dini dövlət deyil və burada cəza hökmünü ancaq dövlətin səlahiyyət verdiyi adamlar çıxara bilər. Hansısa bir yazıya etiraz etmək hər bir insanın haqqıdır, amma heç kəs səlahiyyəti olmadan kiminsə haqqında cəza hökmü çıxara bilməz! Heyf bu ölkədən. Görün hara gəlib çıxdı Azərbaycan - polisi adam oğurlayır, kəndçisi ölüm hökmü çıxarır! Amma bütün bu eybəcərliklərin fonunda bir an olsun belə geri çəkilmək, susmaq qadağandı. Dünyanın ən böyük baleti Mən bu yolu seçmişəm. Azərbaycanda sənət yaratmaq üçün şərait olmadığını görüb, düşüncələrimi nota köçürməkdən vaz keçmədim. Axtardım, möhtəşəm əsər yaratmaq naminə lazım olan mühiti qurdum. Hazırda "Oğuznamə" (bəlkə adı "Xan" oldu) baletini bitirmək üzrəyəm. Bundan sonra fikrim var dünyanın ən böyük baletini yazım. Bu, 12 gün hər axşam nümayiş etdirilən, 12 baletin cəmindən ibarət "Dədə Qorqud" baleti olacaq, inşallah. Allah ömür versə, əsəri 12 ilə bitirmək istəyirəm. Artıq birinci 2 baletin- "Dirsə xan" və "Qazan xan"ın eskizləri, demək olar ki, hazırdır. Əsas məsələ isə "Oğuznamə"nin taleyindən asılı olacaq. Ən əsas məsələ isə bizim - bütövlükdə Azərbaycan xalqının taleyidir. Xalqın taleyinin asılı, vəziyyətdə qalması dəhşətli faciədi. Bu faciəni hər bir fərdin yaşaması təhlükəsi qorxudur məni. Firudin Allahverdi
|
|
| Oxunub: 274 dəfə. |
|
|