İnternetdə gəzişərkən "Alma" qəzetinin 21 dekabr 2009-cu il tarixli sayında çap olunmuş, Pragadakı "Orta əsr işgəncə alətləri muzeyi"ndən hazırladığım yazının www.haqqyolu.com adlı dini saytda yayınlandığını gördüm, amma qayçılanmış, dəyişdirilmiş və "şərh" əlavə edilmiş variantda. Yazının əsas qayəsini təşkil edən giriş hissəsi çıxarılmış, önünə sayt idarəçilərinin "şərhi" əlavə edilərək elə tanınmaz bir hala salınmışdı ki, yazının sonunda müəllifin adını oxumayan birisi bunun Hacı İlqar İbrahimoğlu tərəfindən yazıldığını düşünərdi. Yazıda bəhs etmişdim ki, orta əsrlərdə istifadə edilən işgəncə alətlərini eksponatlaşdıraraq muzeylərdə sərgiləməklə, Avropa sanki öz işgəncəli tarixindən utanc hissi keçirir, onu nəinki min bir bəhanə ilə ört-basdır edir, əksinə öz utancverici keçmişini hər fürsətdə etiraf edir, insanlıq qarşısındakı öz keçmiş cinayətlərini sərgiləyir. Məhz bu hissə qayçılanıb. Avropaya patoloji nifrət bəsləyən, ona yetə bilməməyin doğurduğu düşmənçilik hissiylə alışıb yanan, logotipində İran dövləti və dini rəhbərlərinin, müctəhidlərinin, üləmalarının, az qala bütün məscid mollalarının əmmaməli, sarıqlı şəkilləri, mənasız şüar və sitatları olan saytdan bundan artığını gözləmək yersizdir. Avropanı, qərb sivilizasiyasını qaralayan, gözdən salan, sadə insanların beyinlərini “yumağa” çalışan bu insanlarla müəllif hüquqlarına sayğı, ilkin mənbəyə istinad, yazını konteksdən çıxarmağın yolverilməzliyi, şərh və dəyişikliyi müəlliflə razılaşdırmaq barədə danışmaq, Əhmədinejadla insan hüquqlarından danışmaq qədər gülüncdür. Anlayıram, bunların işi zatən plagiatlıq, ideya oğurlugu, göz-görə iftira, qarayaxma və hər cür pislikdir. Ancaq daha bu qədər də yox... Heç olmasa saytın "möhtəşəm" adına uyğun davranaydılar. "Haqqyolu" olduğunu iddia edən bir mətbu orqan gərək fəaliyyətində də haqq və ədalət prinsiplərini əsas götürsün. Yazıda qayçılanmış hissə, zənnimcə dəqiq hədəfə dəyib. Niyə məhz həmin hissə şəriətçilərin gözünə "ala-bula" dəyib? Həmin hissəyə nəzər salmaq kifayətdir ki, buna nəyin səbəb olduğunu biləsən: "Bax, gör avropalılar, nələr ediblər? Gör necə ağlasığmaz işgəncə alətləri ixtira ediblər? Demək, Avropada da insanlara işgəncə verilib". Praqada "Orta əsrlər işgəncə alətləri muzeyi"dən çəkdiyim şəkillərə baxan dostum elə bil əlinə ciddi bir arqumənt düşübmüş kimi bu "zəruri qeyd"i qabardır. Avropanı, onun keçmişini ittiham edir. - "Bəli, doğru dedin! "işgəncə verilib". Göründüyü kimi, fel keçmiş zamanda işləndi. "İşgəncə verib"lər "işgəncə verir", yaxud da "işgəncə verməkdə davam edir" arasında çox ciddi fərq var - zaman fərqi. Biri keçmişdə qalıb, olub bitib, digəri isə davamedicilik ifadə edir - "hələ də işgəncə verilməkdədir". Haralardasa, kimlərsə tərəfindən 21-ci əsrdə, hələ də insanları orta əsrlərdəki kimi yarğılayırlar, orta əsr qəddarlığı və üsullarıyla işgəncə verirlər... Zaman, vaxt axarı Avropa reallığından "işgəncə" məfhumunu silib, onu tarixə gömüb. Avropada yüzillər öncə insanlara işgəncə verilib və bitib, buna son qoyulub. Bu dəhşətlər daha yaşanmır. Avropa bir kərə öz işgəncəli keçmişindən ibrət götürüb, insana əzab, işgəncə verilməsini lənətləyib, o tarixin təkrar olunmaması üçün işgəncələrin icra olunduğu alətləri görk olsun deyə eksponatlaşdırıb, muzeyə qoyub. Avropa öz utancverici keçmişini nəinki ört-basdır edib ona bəraət qazandırmır, əksinə, bunu hər fürsətdə etiraf edib, ictimai qınağa tutur, müzakirələrə çıxarır. Avropa bu günün, reallıqlarının Avropasıdır, tarixinə sözlə deyil, bugünki, fəaliyyətləri ilə bəraət qazandırır. Onun tarixinə, arxada qoyduğu keçmişinə bu günü ilə haqq qazandırmaq olar. Bu muzey və onun eksponatları məncə bugünki Avropanın orta çağ feodalizminin, kilsə inkvizasiyalarının insanlıq qarşısındakı cinayətlərinə görə "üzrxahlığı", günahının etirafıdır. Avropa haradan haraya gəlib çıxıb. O günü ilə bu günü arasında yüzillərlə zaman məsafəsi olsa da, bu məsafəni min ildən artıq vaxt ərzində keçə bilməyən, yaxud keçmək istəməyənləri göz önünə gətirək... İki məqama diqqət edin: 1. "Haralardasa, kimlərsə tərəfindən 21-ci əsrdə, hələ də insanlara orta əsrlərdəki kimi yarğılayırlar, orta əsr qəddarlığı və üsullarıyla işgəncə verirlər? 2. "...bu məsafəni min ildən artıq vaxt ərzində keçə bilməyən yaxud keçmək istəməyənləri göz önünə gətirək..." Kimdir bu 21-ci əsrdə hələ də orta çağ yarğılarıyla insanlara cəza verən və Avropanın artıq çoxdan bitirdiyi sürəci keçə bilməyən, hələ də orta əsr qaranlığında girinc qalan? Reallığa fobiyasi olan həmin bu "əliqayçılı", dəyənəkli, şallaqlı, dar ağaclı, orta əsr zehniyyətində olan şəriətçilər, müctəhidpərəstlər, mollazehnlilər. Ona görə də yazının o hissəsi onları qane edə bilməzdi. Bəs elə isə o zaman nədən yazını təkrar çap ediblər? Əlbəttə, Avropanı yamanlamaq, onu hər addımda rəzil, aşağılıq görmək istəyindən dolayı. Həm də bu sözü Avropada olan bir yazarın diliylə "dedirtmək". İnsan haqları, vətəndaş hüquqlarının, hər cür azadlıqların üst düzəydə qorunduğu, gəlişimiylə (tərəqqi) xariqələr yaradan, cənnətini bu dünyada qurmuş Avropa bunların əbədi və əzəli düşmənidir. Bu dünyada cənnət yarada bilmiş Avropa, öz insanlarına quru sözdən, "ağaclarının altından çaylar axan" cənnət vədindən başqa bir şey verə bilməyən, rəzalətin, geriliyin göz çıxartdığı İslam şərqinin üzünə vurulan sərt sillədir. Bu gəlişimdən "umusuq" olanların əlindən gələn bircə şey var; Avropadakı həyatı qara rəngdə təqdim edib, insanların gözünü bağlamaq, yuxuya verib gözlərini kor qoymaq, modernləşməni "cin-şeytan" oyunu kimi göstərib insanların bu yöndə doğa biləcək istəklərini siçovul dəliyinə gömmək. Avropadakı gəlişimdən öz xalqlarına örnək vermək, sömürücülüyə son qoyub bu işıqlı yolu tutmaq əvəzinə, "Aldanmayın o gözqamaşdırıcı inkişafa. Onlar o dünyalarını əldən vermiş, ancaq bu dünyaya bağlı, əxlaqı pozuq, arvadlarıyla nikahsız yaşayan, övladlarını nigahsız doğuran rəzalət içərisində olanlardır!" düşüncəsini aşılamaqla insanların beyinlərini “yuyurlar”. Bu cür bəraət Şərq despotizminin, islam mütləqiyyətinin işinə yarıyır, onu sudan quru çıxarır. Ağ üzərində qara ləkə axtaran bu şəriətçilərə məlumat üçün, dinçi Osmanlı dönəmində uyğulanmış bir çox işgəncələr barəsində yazmaq yerinə düşərdi. Qoy gözlərini açıb görsünlər ki, haqqında təhqirlə, ağzı köpüklənə-köpüklənə danışdıqları Avropa o cəzalara yuzillər öncəsi son verdiyi halda, İslam ehkamlarıyla yaşayan Osmanlıda ötən əsrədək bu cür insanlıq dışı işgəncələr verilməkdəydi. Bu barədə internetdə axtarış verib kifayət qədər məlumat əldə etmək olar. İstəyi və imkanı olmayanlar üçün bir neçə işgəncə növü barədə bilgi verirəm: 1. Cəza verilən şəxsin yanına sac qoyulub, altında od yandırılıb isidilərmiş. Günahkarın başı kəsilən kimi kəllə qızmar sacın içərisinə atılar, sacın istisindən bir neçə saniyə müddətində başda qan dövr etdiyindən, kəsilmiş kəllə bu sürədə "canlı" qalarmış və son kərə yerdə başsız uzanmış bədəni görərmiş. 2. Məhkumun dərisi soyulduqdan sonra dənizə atılarmış. Təsəvvür edin, dərisi soyulmuş bədən və duzlu, soyuq dəniz suyu... Düşünmək belə tükürpədicidir... 3. Məhkum sağ yaxud sol iki qabırğasından qarmaqlara keçirilməklə asılar və uzun sürən əzablarla ölərmiş. 4. İçiboş qarğı-lülə anus dəliyindən içəri daxil edilər, sonra qarğının içindən gəmirici böcəklər, cücü-mücü adamın bədəninə, daxilinə yeridilərmiş. Böcəklər insanı içdən yeyərmiş. 5. Ortası dəlinmiş mizin dəliyinə bir sini qoyular, içərisinə siçovul salınar, sonra isə həmin dəliyin üzərinə lüt soyundurulmuş günahkar oturdularmış. Sini altdan alovla qızdırıldıqca istidən vurnuxan siçovul dəlikdən insanı gəmirər, daxilinə girər, qarnını yırtıb bayıra çıxarmış... Bunlar seçdiyim yalnız bir neçə və yazılması mümkün olan işgəncə metodları idi. Həm də az bir zaman öncəyə qədər uyğulanmış metodlar, həm də vətəndaşlarının "İslam şəriəti" ilə yarğılandığı dinçi Osmanlı dövlətində. Gündə beş vaxt "rəhimli və mərhəmətli allah"ın adına namaz qılan, onun rəhm və mərhəmətini yüksək minbərdən elan edən bir dövlətdə. Görək bunu da yayınlayacaqsınızmı sayın "Haqqyolu" saytı və onun şəriətçi yönəticiləri??? (Bəlkə də yayınlayarlar, şiə təəssübkeşliyi və sünni nifrətindən dolayı). Sonda: Müəllif hüquqları tələbincə altında mənim imzam olan yazını konteksə salıb, onu özü görmək istədiyi formada təqdim etmək, yazıya əlavə şərh vərərək onu yönləndirmək, jurnalist etikasına zidd olmaqla yanaşı, ən adi etik normalara da ziddir. Mənim etirazımdan sonra sayt rəhbərliyi yazını saytdan çıxarıb. Əvvəla bildirməliyəm ki, mən yazımın hər hansı dini saytda yayımlanmasını arzu etmirəm və bu tip saytlar mənim maraq dairəmdən kənardadırlar. Adını "Haqqyolu" qoyan bir mətbu orqan ən azı bunları nəzərə almalı idi ki, yaşadığımız məkan Ərəbistan səhrası deyil, zamansa 6-cı deyil, 21-ci əsrdir. Bu cür kobudluq və plagiatlığın qarşısı qanunlarla alınır. Mən hamını ən adi etik normalara riayət etməyə çağırıram. Və xahiş edirəm ki, bir də belə hallar təkrar olunmasın, əgər təkrar olunarsa məsələni hüquqi yolla həll etməyə çalışacam... |