Üzvlər: Devid Qaan Martin Qor Endryu Fletçer Diskoqrafiya: · Speak & Spell (1981) · A Broken Frame (1982) · Construction Time Again (1983) · Some Great Reward (1984) · Black Celebration (1986) · Music for the Masses (1987) · Violator (1990) · Songs of Faith and Devotion (1993) · Ultra (1997) · Exciter (2001) · Playing the Angel (2005) · Sounds Of The Universe (2009) İngiltərədə yaşanan Yeni Romantizm axınının bir parçası olaraq qəbul edilən “Depeche Mode” (“Depeş Mod”), eyni zamanda, həm bu axını, həm də 80-cı illərin elektro-pop musiqi qruplarını təmsil edir. Tamamilə sintezatorlardan istifadə etməklə yaradılan musiqinin ilk örnəklərini yaradan və sərgiləyən qrup oynaq, yerində dayana bilməyən bir rəqs qrupu kimi yaransa da, zaman keçdikcə onları, öz dönəmlərinin qabaqcılları sırasına salacaq və proqressiv dəyişiklikləri təmin edəcək daha ciddi, yetkin, dramatik və bir az da pessimist tərzlərinə qovuşdular. Eyni zamanda, fransız moda jurnalının adı olan “Depeche Mode” fransızcadan tərcümədə “moda carçısı” anlamına gəlir. Qrupun təməli 1976-cı ildə ingilis kökənli klaviaturaçı Vins Klark və Endryu Fletçerin “No Romance in China” adlı qrup yaratmaq üçün ilk dəfə bir araya gəlməsi ilə atılmış oldu. Bu qrupun ömrü elə də uzun olmadı, 1979-cu ildə Klark, gitarist və klaviaturaçı Martin Qor ilə birlikdə “French Look” adı altında musiqilər yaratmağa başladı. Çox keçmədən Fletçerin də qatıldığı bu musiqi birliyi, adını ilk öncə “Composition of Sound” kimi müəyyənləşdirdi. Başlanğıcda Klark vokalistliyi öz üzərinə götürdü, amma 1980-cı ildə Devid Qaanın da onlara qoşulmasından sonra mikrofonu yerə qoydu. Bu musiqi birliyinin adı da son dəfə dəyişikliyə uğrayaraq “Depeche Mode” oldu. Dördlük sintezator istisna olmaqla, bütün digər musiqi alətlərini kənara tulladı və beləliklə də, (daha çox) Klarkın asan yadda qalan melodiyalarının sərgiləndiyi bir vitrinə çevrildilər. London klublarında bir az vaxt keçirdikdən sonra 1980-cı ildə “Depeche Mode” ilk parçaları olan “Photographic”i çıxardı. “Mute Records” ilə razılığa gəldikdən sonra 1981-ci ilin əvvəllərində ortaya “Dreaming of Me” çıxdı. Nə bu “45”-lik, nə də onun qardaşı “New Life” elə böyük bir diqqət çəkə bildi. Ancaq üçüncü cəhdləri çox uğurlu alındı və “Just Get Enough” parçası İngiltərədə ilk onluğa daxil olmaqla, böyük marağa səbəb oldu. 1981-ci ildə işıq üzü görən ilk albomları “Speak and Spell” də olduqca böyük uğur əldə etdi. Elə prodüsserlər tərəfindən təzə-təzə pul mənbəyi gözü ilə baxılmağa başlanmışdı ki, qrupun yaradıcı sənətçilərindən olan Klark birdən “Depeche Mode”un gələcəyini sual altında qoyan qərarını - qrupdan ayrıldığını açıqladı və müğənni Alison Mayetlə bərabər “Yazoo”nu qurdu. Bundan sonra qrupun mahnı sözlərini Qor yazmağa başladı. Digərləri isə Klarkın ayrılışından sonra yaranan boşluğu doldurmaq üçün birliyə qatılan klaviaturaçı Alan Uaylder ilə birlikdə ifa etməyə başladılar. 1982-ci ildə ortaya çıxarılan “A Broken Frame” musiqi tərzinin əvvəlki “Depeche Mode”dan çox fərqli olmaması və qrup üzvlərinin asanca toparlanacaqlarını düşünənləri haqlı çıxardı. 1983-cü ildə satışa çıxardıqları “Construction Time Again” ilə Qorun uğursuz mahnılarındakı özünə güvən və qarma-qarışıqlıq kulminasiyaya çatmışdı. “Mute Records” ilə hazırladıqları və ertəsi il çıxardıqları “Some Great Reward” albomu sənət və satış baxımından olduqca diqqətəlayiq oldu. Qorun qaranlıq, bir-birinə girmiş, şübhəçi sözləri “Blasphemous Rumours” və “Master and Servant” parçalarında əməlli-başlı ön plana çıxmışdı. Bərabərlikdən bəhs edən “People Are People” “45”-liyi okeanın hər iki tərəfində də böyük bir hitə çevrildi. Bu, özlüyündə musiqinin də daha indastriyal (“industrial” - red.) bir görünüş əldə edəcəyini elan edirdi. 1986-cı ildə işıq üzü görən “Black Celebration” albomunda yenə hakim duyğu sərt, mərhəmətsiz bir hüzn idi. Bu albomla eyni zamanda, biznes nöqteyi-nəzərindən də çox güclü olduqlarını göstərmiş oldular. Möcüzəvi “Strangelove” “45”-liklərindən sonra 1987-ci ildə “Music For Masses” albomu gəldi. Daha sonrakı bir qastrol səfəri də 1989-cu ildə canlı səs qeydlərinin toplandığı “101” ilə yanaşı, əfsanəvi rejissor D.A.Pennebeykerin çəkdiyi bir çox silsilə konsert filmlərini öz bərabərində gətirdi. Çox geniş pərəstişkar kütləsinə baxmayaraq “Depeche Mode”a hələ də naşı gözüylə baxılırdı. Ta ki 1990-cı ildə ortaya çıxan “Violator” albomuna qədər... İlk onluğu dağıdan bu albomda “Enjoy The Silence”, “Policy Of Truth” parçaları və Merlin Mensonun “Personal Jesus” parçasının cover versiyası çox bəyənildi. 1990-cı illərin əvvəllərindəki alternativ musiqi partlayışı ilə bərabər, “Depeche Mode” dünyanın ən uğurlu musiqi qruplarından biri oldu. 1993-cü ildə çıxardıqları “Songs Of Faith and Devotion” albomu hit-paradlara zirvədən daxil oldu. Ancaq uğurlarının kulminasiya nöqtəsində olduqları bir vaxtda (saysız-hesabsız ünlü qruplarda olduğu kimi) gözlənilmədən işlər tərs getməyə başladı. İlk olaraq Uaylder 1995-ci ildə qrupdan ayrıldı. Daha sonra Qaan uğursuz bir intihar cəhdi yaşadı. Devid Qaan sonrakı illər ərzində bir müddət heroin asılılığından qurtula bilmək üçün reabilitasiya klinikasında müalicə gördü. Dörd illik çətin və ağır fasilədən sonra üç nəfərdən ibarət olan “Depeche Mode” 1997-ci ildə hit parçaları “Barrel Of A Gun” və “It’s No Good”un da yer aldığı “Ultra” albomunu çıxardı. “Depeche Mode” bundan başqa, “Singles 86-98” adlı yığma albomu üçün bir qastrol səfərinə də çıxdı. 1997 və 1998-ci ildə ard-arda sinql və albom çıxaran qrup, 1999-cu ildə sərgilədiyi durğun görüntü ilə dağılma iddialarına hədəf oldu. Lakin 2001-ci ildə çıxarılan “Exciter” albomu bütün şayiələri qaranlığa qərq etdi. Dörd illik fasilədən sonra isə 2005-ci ildə “Playing the Angel” albomu pərəstişkarların ixtiyarına verirdi. “Depeche Mode”un hələlik sonuncu olan “Sound Of The Universe” albomu 2009-cu ildə işıq üzü görüb. Bu albomdan çıxan ilk sinql isə möhtəşəm “Wrong” parçası oldu. Bu sinqldan sonra isə elə eyni ildə ardıcıl olaraq “Peace”, “Hole To Feed” və “Fragile Tension” sinqlları satışa çıxarıldı. “Depeche Mode” haqqında yazını yekunlaşdırarkən, bir neçə önəmli məqama da toxunaq. 80-cı illərdə “synth-pop” kimi dəyərləndirilsə də, onların tərzləri getdikcə roka doğru sürüşdü və qrup bütün dünya miqyasında böyük bir pərəstişkar kütləsinin sevgisini qazandı. Devid Qaan isə gəlmiş-keçmiş ən yaxşı kişi vokalistlərdən biri hesab olunur. Elə bu faktın özü “Depeche Mode” haqqında çox şey deyir. Bir çox musiqiçi və qruplar tərəfindən mahnıları “cover”lanan “Depeche Mode” əfsanəvi qruplar arasında yer almaqdadır. Sonda isə “Depeche Mode”un çox bəyənilən “World In My Eyes” parçası və o möhtəşəm, gizli dünyaya uzun bir səyahət... Mənim gözlərimdə dünya Bir səfərə çıxarım səni, Dünyanın ətrafında və geri... Ehtiyac yoxdur tərpənməyinə, Sadəcə otur, yetər. İndi burax, zehnin yürüsün Və burax bədənin danışsın. Mənim gözlərimdən dünyanı göstərim sənə... Ən yüksək dağa aparacağam səni, Ən dərin dənizin dərinliklərinə... Xəritəyə ehtiyacımız yoxdur, inan mənə. İndi burax bədənim hərəkət etsin, Və burax əllərim sakitləşdirsin, Mənim gözlərimdən dünyanı göstərim sənə... Budur, hamısı budur... Bir gəmiyə mindirim səni, Uzun, upuzun bir səfərə çıxarım Dodaqların dodaqlarıma yapışsın, Okeandakı bütün adalar Bütün kainat hərəkətdədir... Mənim gözlərimdən dünyanı göstərim sənə... Budur, hamısı budur... İndi toxuna biləcəklərindən başqa şey yoxdur, Budur, hamısı bu... Mənim gözlərimdən dünyanı göstərim sənə... Hazırladı: Rəşad Səfərov
|