| Forum |
|
|
|
| 02-02-2010 |
| “Multivak” |
Ayzek Azimovun “Multivak”ını Azərbaycana tətbiq etsəydik necə olardı görəsən?!. Maraqlıdır. Ayzek Azimov dünya ədəbiyyatında özünəməxsus iz qoymuş bir şəxsiyyətdir. Romanlarına elmi gətirib, dünya tarixinə məşhur “elmi- fantastik yazarlar üçlüyü”ndən biri olaraq düşüb. Gələk bu Multivak məsələsinə. Deməli, Multivak Ayzekin “Seçkilər” adlı hekayəsinin baş qəhrəmanıdır. Burada söhbət ondan gedir ki, Amerika kimi böyük əraziyə, əhaliyə və çoxsaylı ştatlara malik bir ölkədə seçkiləri necə keçirmək olar ki, obyektivlik qorunsun və şəffaflığa zəmanət qazanılsın?!. Demək, Ayzek buna görə bir robot yaradır hekayədə, adı da Multivakdır. Multivak əvvəlcədən mükəmməl proqramlaşdırılmış qurğudur. Məsələn, ilk olaraq tətbiq edilən möhtəşəm bacarıqlarından biri, il boyunca bütün Amerika ərazisində yaşayan ən tipik şəxsi seçə bilməsidir. Burada mütləq nəzərə alınmalı olan bir məqam var - ölkənin taleyini həll edəcək olan şəxs ən ağıllı, qüvvətli, yaxud da ən çox bəxti gətirən adam deyil, sadəcə ən tipikdir - sıravi amerikalı nümunəsidir. Multivak milyardlarla ən müxtəlif amilləri təhlil edir və nəticədə orta statistik amerikalının ən az təsirə məruz qala biləcək, ən adi adamını seçir. Seçilmiş bütün Amerika üçün öz seçimini edəcək və nəticədə hamının olmasa da, böyük əksəriyyətin seçkidən gözlədikləri reallaşacaq. Yəni, bu adam birmənalı olaraq çoxluğun ürəyindən xəbər verəcək. İlkin mərhələ - tipik vətəndaşın seçimindən sonra Multivak növbəti fərasətlərini göstərir - seçilmişə sualların verilməsi və onların qeydiyyatı, eləcə də analizi. Sualların xarakteri isə tamamilə müxtəlifdir- diqqət tələb edən və ilk baxışda mənasız görünən ayrıntılardan tutmuş, ciddi suallara qədər. Hər nə isə. Sözümüz onda deyil. Gəlib çıxırıq nəticəyə. Multivakın köməyilə Amerika seçim edir - dürüst, səmimi və qərəzsiz. Hekayənin necə bitdiyini elə olduğu kimi yazmaq istəyirəm: “Bu qəribə dünyada ilk və ən kamil Elektron Demokratiyası ölkəsinin vətəndaşları təkcə Norman Malerin səs verməsi ilə öz hökumətlərini seçmişdilər”. Əlbəttə, burada ustalıqla işlənən başqa nüanslar da var. Məsələn, seçicinin həyat yoldaşı misalında qadın şöhrətpərəstliyinin təsviri və ya Norman Maler misalında tipikliyin verdiyi çəkingənlik və qorxu, məsuliyyətin ağırlığı, yalnız bu qədər gərginliyin içində tam böyüklüyü ilə hiss edilə bilən vətənpərvərlik duyğusu. Bunlara da diqqət yetirmək lazımdır. Amma bu gün, real olaraq bir azərbaycanlı kimi ən çox üstündə durmalı olduğumuz, düşünməkdə fayda olan məqamlar tamam başqadır - elektron demokratiyası... seçim azadlığı kimi... Azərbaycanın - bütöv Azərbaycanın haa - ən tipik adamının kim olduğu kimi... Məni qara - qara düşündürən də budur. Təsəvvür edin. Tutaq ki, Multivak var, Azərbaycandadır, ilin ən tipik adamını seçməlidir. Kimi seçəcək? Kimdir Azərbaycanda ilin ən tipik sayıla biləcək adamı? Maraqlı sualdır, deyilmi? Bunu düşünəndə oxucunun necə təəssüfləndiyini təsəvvür edirəm indi. Bəli, kədərləndiricidir. Elə məni də kədərləndirir. Sizcə, ən tipik azərbaycanlının seçimi bu günkündən daha fərqli mənzərə yaradardımı? Hə, yoxsa yox? Əminsiz? Nədənsə, Gertseni xatırlayıram. O daha açıq demişdi bunu: “İnqilab geci-tezi olacaq, sadəcə o vaxtadək sivilliyi artırmalıyıq”. Metallistka Səfərova
|
|
| Oxunub: 72 dəfə. |
|
|