Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 Diplomlarımızı sayan yoxdur?!
Diplomlarımızı sayan yoxdur?!

   Universitetlərimizin diplomları niyə işə yaramır?
   
   Hazırda Azərbaycandan 5 minə yaxın gənc xarici ölkələrdə təhsil alır. Azərbaycanda təhsil alan xarici tələbələrin sayı isə 7000-dən çoxdur. Xaricdə təhsilini bitirən tələbələrimiz işlə bağlı problemlərlə qarşılaşmasalar da, eyni sözü ölkəmizdə təhsil alan tələbələr haqqında demək olmur. Belə ki, Azərbaycandakı ali təhsil ocaqlarını bitirən tələbələr hər hansı bir xarici ölkədə çalışmaq istədikdə ciddi problemlə üzləşirlər. Bu isə onu göstərir ki, bizim ali təhsil ocaqlarımızın verdiyi diplom yalnız ölkə daxilində öz funksiyasını yerinə yetirir. Bir sözlə, diplomlarımız xaricdə tanınmır. Bu hal özünü daha çox tibb və hüquq ixtisaslarında göstərir. Analoji vəziyyət Azərbaycanda təhsil alan əcnəbi tələbələrə də aiddir. Yəni, burda öz təhsilini başa vurub vətəninə dönən tələbə aldığı diplomun elə də bir tutarlı əhəmiyyətə malik olmadığını görür. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə əlaqə saxladıq.
   
   Bakı Slavyan Universitetinin (BSU) mətbuat katibi Adil Əliyevin qənaətincə, hər hansı bir universitetin verdiyi diplomun başqa ölkədə tanınıb-tanınmaması dövlətlərarası müqavilələrdən asılıdır: «Bu, iki universitet arasında həll olunacaq məsələ deyil. Bu, dövlətlərarası tələbə mübadiləsi, həmçinin diplomların tanınması haqqındakı razılaşma əsasında həyata keçirilir. Əgər tərəflər arasında müqavilə imzalanarsa, o zaman həmin dövlətlər biri digərinin ali təhsil ocaqlarının diplomlarını tanıyır. Məsələn, yəqin ki, bilirsiz, Azərbaycanın Türkiyə və Rusiya ilə belə bir müqaviləsi var. Məsələyə mən məhz bu kriteriyadan yanaşdığım üçün BSU-nun diplomlarının hansı ölkədə tanınmasını deməyə çətinlik çəkərəm. Amma bizim belə götürsək, dünyanın bir çox aparıcı ali təhsil ocaqları ilə əlaqələrimiz var. Məsələn, Varşava universiteti, Fransanın «Nansini», Moskva Dövlət Universiteti, Ukraynanın «Kiyev» Dövlət Universiteti, Türkiyənin «Ankara», «Qazi», İsveçrənin «Lazanna» və digər universitetlərlə həm tələbə mübadiləsi sahəsində, həm də universitetlərarası əlaqə baxımından əməkdaşlığımız var».
   Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektorun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramov isə hesab edir ki, diplomların tanınması dövlətlərarası münasibətlərlə yanaşı, universitetlərin özlərindən də asılıdır: «Düzdür, dövlətlərarası münasibətlər təkanverici amildir. Amma ali təhsil ocağının özündə də təşəbbüs olmalıdır». Hazırda ADİU-nın diplomlarının MDB ölkələrinin hamısında tanındığını vurğulayan Z.Bayramov, Boloniya sisteminə keçiddən sonra bunun daha geniş miqyas alacağını bildirdi: «Ümumiyyətlə, ADİU-nın diplomu Türkiyə, İran və o cümlədən, MDB ölkələrinin hamısında tanınır. Hazırda bizdə Boloniya sisteminə keçid prosesi reallaşmaqdadır. Bu sistemə tam keçdikdən sonra isə diplomumuz Avropa ölkələrinin əksəriyyətində tanınacaq. Əməkdaşlığa gəldikdə, ADİU-nun Amerikanın İndiana, Fransanın Monpelye kimi məşhur universitetləri ilə əlaqəsi var».
   «Qafqaz» Universitetinin mətbuat katibi Rəcəb Rzanın sözlərinə görə, təmsil etdiyi universitet təhsil reytinqinə görə seçilən, dünyanın 20 min aparıcı universitetləri sırasına daxil olub: «Azərbaycanda Boloniya sistemi ilk dəfə bizdə tətbiq olunub. Diplomlarımızın xaricdə tanınması ilə bağlı da hələ ki bir problemlə rastlaşmamışıq. Azərbaycanda iki universitet var ki, bu universitetlər rəsmi olaraq Türkiyənin Yüksek Eğitim Kurumu (YEK) tərəfindən qəbul olunur. Bunlardan biri Qafqaz Universitetidir. Ümumiyyətlə, diplomların tanınması belə bir prosesdir ki, sənin nə qədər diplomun olursa-olsun, əgər hər hansı bir ölkəyə çalışmaq istəyirsənsə, mütləq öz ixtisasın üzrə imtahan verməlisən». Qafqaz Universitetinin ABŞ-ın Troya Universiteti, Yotenburq kimi dünyanın bir neçə aparıcı universiteti ilə əlaqələrinin olduğunu deyən R.Rza, təmsil etdiyi universitetin yüksək təhsil keyfiyyətindən də söhbət açdı.
   Hal-hazırda Səudiyyə Ərəbistanında Azərbaycandan 300-ə yaxın həkimin çalışdığını vurğulayan Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissəsinin müdiri Nəsimi Qasımov, ATU-nun diplomlarının tanınmasında elə bir ciddi problemin olmadığını bildirsə də, bunun üçün bəzi şərtlərin tələb olunduğunu qeyd etdi: «Diplomlarımız tanınmağına bir çox ölkələrdə tanınır. Sadəcə olaraq bunun üçün xüsusi şərtlər var. Məsələn, ABŞ-da, eləcə də dünyanın əksər ölkələrində belə bir sistem var ki, bütün ölkələrdən gələn diplomlar imtahan götürməklə yoxlanılır. Keçən ilə qədər Türkiyədə də tibb sahəsində belə bir sistem var idi. Bu sistem ona dəlalət edir ki, diploma sahib olmaqla yanaşı, həmin şəxs o ixtisasın peşəkarı olsun. Bu imtahanlar isə çox çətin keçir. Ona görə də həmin məzunlar Türkiyədə işləyə bilmir. Hazırda bizim Türkiyənin ali təhsil ocaqlarında öz təhsilini davam etdirən, həm də orada çalışan çoxlu sayda tələbələrimiz var. Məsələn, keçən il 12, bu il isə 19 nəfər tələbəmiz Türkiyədə işləyir. Təkcə Səudiyyə Ərəbistanında 300-ə yaxın həkimimizin çalışması isə o deməkdir ki, ərəb ölkələrində də ATU-nin diplomları tanınır. Diplomu tanıtmaq üçün isə ilk növbədə baş lazımdır».
   Bakı Dövlət Universitetinin (BDU) tədris şöbəsinin müdiri İbad İbadov isə hesab edir ki, diplomların tanınmasında universitetlərin reytinqi əsas rol oynayır: «BDU-nun diplomu MDB ölkələrində birmənalı şəkildə tanınır. Əvvəllər hüquq ixtisası üzrə bitirən tələbələr bəzən Türkiyədə problemlərlə üzləşirdilər. Bu da Türkiyədəki hüquq fənləri ilə bizdə tədris olunan hüquq fənlərinin fərqli olması ilə əlaqədar idi. Amma bu problem artıq aradan qalxıb. Hazırda bizim 40-a yaxın tələbəmiz bakalavr diplomunu almamış artıq xarici ölkələrin magistratura pilləsinə daxil olub. Bunun özü elə diplomun tanınması deməkdir. Ümumiyyətlə, əgər BDU-nu qurtaran bir tələbə gedib başqa bir ölkədə işə qəbul olunursa, bu artıq həmin ölkədə diplomun tanınması deməkdir». İ.İbadovun sözlərinə görə, hətta bəzən başqa ölkələrdən BDU-ya sorğu göndərirlər: «Bəzən elə olur ki, bizə hər hansı bir tələbə haqqında sorğu göndərirlər. Bu prosedur isə həm tələbə haqqında bilgi əldə etmək, həm də diplomun saxta olub-olmadığını yoxlamaq üçündür».
   Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) mətbuat əlaqələndiricisi Elxan Axundovun sözlərinə görə isə ADNA-nın diplomları bütün dünyada tanınır: «İstər Avropada, istərsə də Amerikada bizim diplomlar tanınır. O cümlədən, Cənubi Amerikada, Afrikada, Vyetnamda, Çində, Qazaxıstanda, Özbəkistanda və digər ölkələrdə. Hətta Anqolanın hazırkı prezidenti də bizim universiteti qurtarıb. Hazırda bizdə Vyetnam və Çindən 200-ə yaxın tələbə təhsil alır. Məzunlarımızın ən çox çalışdığı ölkə isə Rusiyadır. Belə ki, bu ölkədə yanacaq enerji kompleksində çalışanların 30-40 %-i məhz ADNA-nın məzunlarıdır. Ümumiyyətlə, ölkə daxilində də neft-qaz sektoru üzrə fəaliyyət göstərən şirkətlərin əksəriyyətində çalışanlar bizim məzunlardır. Məsələn, elə BP-nin özü. Onu da qeyd edim ki, ADNA çox qədim bir tarixə malikdir və gələn il bizim 90 illik yubileyimiz qeyd olunacaq».
   Azərbaycan Dillər Universitetinin (ADU) tədris işləri üzrə prorektoru Natiq Yusifov isə məsələyə bir qədər fərqli yanaşır. Prorektorun qənaətincə, ümumiyyətlə, dünyada diplomun birbaşa tanınması deyilən bir mexanizm mövcud deyil. Çünki diplomun tanınması həm qarşılıqlı müqavilələr, həm də fərdi qabiliyyətə əsaslanan bir prosesdir: «Məsələn, bizim institutda fransız dili fakültəsi var. Həmin fakültənin tələbələri Fransanın Strasburq və digər şəhərlərində həm çalışır, həm də oxuyurlar. Və yaxud Koreyaşünaslıq fakültəsini bitirən məzunların əksəriyyəti Koreyada çalışa bilər. Hər bir ölkənin digər ölkənin universitetlərinin diplomunu tanımaq üçün öz kriteriyaları var. Məsələn, əksər dövlətlər deyir ki, mən səni əlavə olaraq yoxlamalıyam. Məhz elə Boloniya sisteminin əsas istiqamətlərindən biri də Avropa məkanındakı bütün universitetlərin vahid şəkildə formalaşmasıdır. Bizim universitet Azərbaycanda bu sistemə qoşulan ilk dövlət ali məktəbi olub. ADU 2005-ci ildə Boloniya sisteminə qoşulub. Dövlətin də əsas məqsədlərindən biri Azərbaycan təhsil sisteminin dünya ali təhsil sisteminə inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bir faktı da qeyd edim ki, Almaniyanın diplomları heç Fransada tanınmır. Çünki o gərək Almaniya ali təhsil ocaqlarının standartları ilə tanış olsun. Gərək biz də öz təhsil sistemimizi o səviyyədə saxlayaq ki, əlinə diplom alan hər hansı bir məzunumuz başqa ölkəyə gedəndə üzümüzü ağ eləsin». N.Yusifov bəzi universitetlərin «mənim diplomum filan-filan ölkələrdə tanınır» fikri ilə də razı deyil: «Bizim universitetlər Oksford yaxud Harvard səviyyəsində deyil ki, dünyada tanınsın. Ona görə diplomların birbaşa tanınması qeyri-mümkündür. Özü də istənilən yerdə təhsil alan tələbə əgər gedib başqa ölkədə işə düzələ bilirsə, düşünürəm ki, bu, onun bitirdiyi universitetin yox, öz fərdi qabiliyyətinin nəticəsidir».
   Xəzər Universitetinin rektor köməkçisi İsaxan İsaxanlı isə deyir ki, təmsil etdiyi universitetin ümumiyyətlə, xaricdə tanınmamaq kimi problemi yoxdur: «Avropa ölkələrində, eləcə də Amerikada bizim diplom tanınır. İranda ola bilər ki, müəyyən ixtisaslar tanınsın, bəziləri isə yox. Hüquq və tibb sahələri üzrə bitirən məzunların iş probleminə gəlincə, bunun bizə heç bir aidiyyatı yoxdur. Çünki 2005-ci ildə qəbul olunan qərara əsasən, bütün özəl ali məktəblərdə bu ixtisaslar üzrə qəbul dayandırılıb». İ.İsaxanlı hesab edir ki, diplomların başqa ölkədə tanınması üçün müqavilə bağlamaq şərt deyil. Hər bir universitetin qazandığı nüfuzdan, onun adından da çox şey asılıdır: «Universitet gərək yaxşı işləsin ki, onun adı ölkə hüdudlarından da kənara çıxa bilsin. Ali təhsil ocağı özü-özünü tanıtmalıdır. Bizim universitetin tədris proqramları Avropanın inkişaf etmiş ölkələrindəki proqramlara tam uyğundur. O cümlədən, təhsilin keyfiyyəti də. Bu baxımdan, bizim diplom tanıtımı ilə bağıl heç bir problemimiz ola bilməz. Onu da qeyd etmək istərdim ki, YEK-in Azərbaycanda rəsmi olaraq tanıdığı iki ali təhsil ocağından biri, məhz Xəzər Universitetidir».
   Məsələyə Təhsil Nazirliyinin də münasibətini öyrənməyə çalışdıq. Qurumun Ali və Orta İxtisas Təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimovun sözlərinə görə, dünyanın heç bir ölkəsində diplomlar birbaşa tanınmır: «Bu barədə Avropa Konvensiyasında da göstərilib ki, bir ölkənin diplomunun digər ölkələrdə tanınması hər bir ölkədə fəaliyyət göstərən müxtəlif nastifikasiya komissiyası tərəfindən həyata keçirilir. Düzdür, müxtəlif ölkələrdə bu komissiya müxtəlif cür adlanır. Məsələn, Rusiyada «çentr interobrazovaniye» adlanır. Diplom yalnız bu komissiyada qeydiyyatdan keçdikdən sonra həmin ölkədə tanına bilər. Bu, bütün dünyada qəbul olunan bir normadır».
   Qeyd edək ki, hazırda Azərbaycanda 51 ali təhsil ocağı var. Bunlardan 27-i dövlət ali təhsil ocağı, 16-sı qeyri-dövlət , 7-si isə xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
   
   Vəfa BABAYEVA

Oxunub: 59 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox