Ödənişli təhsil alan tələbələrə güzəşt ediləcəkmi? Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında istər dövlət, istərsə də özəl təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrə dövlət kreditlərinin veriləcəyi barədə fikir səsləndirib. Yaxın 1 il ərzində gerçəkləşəcək proqramda tələbələrin asanlıqla dövlətin təklif etdiyi kreditlərdən yararlanacağını deyən nazir, belə kreditlərə xeyli ailələrin ehtiyacı olduğunu bildirib. M.Mərdanov bu addımın xüsusilə imkansız ailələrdə ödənişli əsaslarla təhsil alan tələbələrə yönəldiyini vurğulayıb. Ancaq real vəziyyət bu krediti almağın heç də asan başa gəlməyəcəyini xəbər verir. Qeyd edək ki, Azərbaycanda tətbiq edilən təhsil krediti sistemi dünya təcrübəsindən tamamilə fərqlənir. Belə ki, Avropa ölkələrindəki gənclərin böyük bir qismi təhsil haqlarını kreditlər hesabına ödəsələr də, bu onların tədris prosesinə mane olmur. Kreditlər uzunmüddətli verildiyindən tələbələr borcu ali məktəbi bitirib işləyəndən sonra qaytarırlar. Qonşu Rusiyada banklar ali məktəb tələbələrinə, həmçinin ödənişli təhsil verən orta məktəblərin şagirdlərinə də kredit verir. Amma bizdən fərqli olaraq təhsil kreditləri Rusiyada 11 illiyə verilir. Sərfəli şərtlərdən biri də, tələbələrin krediti universiteti bitirib sənət sahibi olandan sonra ödəməyə başlamalarıdır. Bizdə isə tələbə bankdan götürdüyü məbləği ali məktəbdə oxuduğu müddətdə qaytarmalıdır. Bu səbəbdən, Azərbaycanda təhsil kreditinə böyük ehtiyac olmasına baxmayaraq, bu kreditdən yararlananların sayı o qədər də çox deyil. Mütəxəssislər bunu bankların kredit şərtlərinin ağırlığı ilə də izah edirlər. Hazırda ödənişli əsaslarla dövlət ali təhsil müəssisələrində 20 min, özəl ali təhsil müəssisələrində isə 50 minə yaxın tələbə təhsil alır. Verilən kreditlərin faiz dərəcələri isə banklar üzrə fərqlidir - 20-26 faiz. Borcun müddəti 11 aydan 2 ilə qədər, məbləği isə 150 manatdan 1500 manata qədər dəyişir. Qeyd edək ki, Azərbaycanda bir neçə bank təhsil kreditləşməsi ilə məşğul olur. Digər bir çatışmayan cəhət Azərbaycanda bu adla verilən kreditlərin fiziki şəxslərə təklif edilən kreditlərdən heç nə ilə fərqlənməməsidir. Bunu banklar arasında apardığımız sorğu da təsdiqlədi. Sorğu zamanı ölkədə bir-iki bankdan başqa heç birinin təhsil krediti vermədiyi üzə çıxdı. Əvvəllər tələbə krediti verən «Azərdəmiryolubank» da hazırda bu fəaliyyətini dondurub. Əlaqə saxladığımız digər banklardan bəziləri tələbələrə belə bir imkanı yaratmaq üçün pul resursunun olmadığını əsas gətirsələr də, əksəriyyəti əvvəllər istehlak krediti çərçivəsində tələbələrin təhsil haqqının ödənilməsi üçün onlara müəyyən məbləğdə kreditin verildiyini xatırladaraq, böhranla əlaqədar nəinki təhsil kreditinin, ümumiyyətlə, kredit verilişini dayandırdıqlarını bildirdilər. Bankların tələbələr qarşısında qoyduqları şərtləri də öyrənməyə çalışdıq. Məlum oldu ki, tələbədən ilkin sənədlər kimi tələbə bileti, qiymət kitabçası, ödəniş haqqında qaimə, əvvəlki illərdən tələbənin borcunun olub-olmaması barədə arayış tələb olunur. Əsas tələb olunan sənəd isə valideynlərin gəlirləri barədə arayışdır. Çünki kredit yalnız valideynlərdən biri zamin durmaq şərti ilə verilir. Bəzi bankların tələbinə görə, valideynlərdən heç biri dövlət müəssisəsində işləmirsə, onların övladına kredit ayrılmır. Yaranmış problem isə pullu təhsil alan tələbələrin, bəzi hallarda təhsillərini yarımçıq qoyması ilə nəticələnir. Pul tapmayan tələbə isə təhsil haqqını tələb olunan müddətə qədər ödəməsə, ali məktəbdən xaric olunur. Əlaqə saxladığımız banklar arasında «hə» cavabını yalnız «Bank of Baku» və «Bank Respublika»dan eşitdik. «Bank Respublika»dan bildirdilər ki, bankın təklif etdiyi təhsil krediti Azərbaycan ərazisində və ondan kənarda ali, orta ixtisas, orta təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi üçün verilir. Krediti pullu əsasda təhsil alan şəxslər və ya onların valideynləri ala bilərlər. Kreditin şərtlərinə gəlincə isə 12 ay müddətinə təklif olunan kreditin faiz dərəcəsi 26-dır. 1001 AZN məbləğindən artıq kreditlər üçün bir ödəniş qabiliyyətli fiziki şəxsin zaminliyi tələb olunur. Müştərinin arzusu ilə illik təhsil haqqı həcmində kredit xəttinin açılması və ödəniş haqqının təhsil müəssisəsinə köçürülməsi həyata keçirilir. Kreditin qaytarılma şərtləri isə bərabər hissələrlə, 2-ci aydan başlayaraq aylıq ödənişlərlə aparılır, faizlər isə yalnız kreditin qalıq məbləğinə hesablanır. «Bank of Baku»dan isə bildirdilər ki, təhsil krediti almaq üçün ilk növbədə tələbənin bilik səviyyəsi, təhsil illərində aldığı qiymətlər nəzərdən keçirilir. Əvvəlki kurslarda 4 və 5 qiymətlərlə oxuyan tələbələrə kredit qeyd-şərtsiz verilir. Onlar tələbə bileti, qiymət kitabçası, valideynlərinin iş yeri barədə arayış və oxuduğu ali məktəb tərəfindən təhsil haqqının məbləğini bildirən hesab-faktura təqdim etməlidir. Bundan sonra sənədlər araşdırılır və bir neçə günə kreditin verilib-verilməməsi müəyyənləşdirilir». Ancaq bu sırada bəzi istisnalar da mövcuddur. Belə ki, birinci kursda oxuyan və ötən tədris ilində təhsil haqqı borcu qalan tələbələrə kredit verilmir. Bank nümayəndəsi bunu birinci kurs tələbələrinin bilik səviyyəsini müəyyən etməyin mümkün olmaması ilə izah etdi. Qeyd edək ki, təhsil haqqını ödəmək üçün bankdan götürülən vəsait həm birbaşa tələbənin özünə, həm də oxuduğu ali məktəbin hesabına köçürülür və bütün bu əməliyyatlar pulsuz həyata keçirilir. Tələbələrə verilən kreditlərə məbləğindən və ödəmə müddətindən asılı olaraq 11 faizdən 20 faizədək tarif müəyyənləşdirilib. Güzəştli kreditlərin 9 ay müddətinə verildiyini deyən bank rəsmisi bunu belə izah edir: «Tələbə götürdüyü kreditin faizini aybaay ödəyərsə, bu, bir ayda götürdüyü məbləğin təxminən 9 faizini təşkil edir. Əgər həmin şəxs kreditin faizini ödəməyi gecikdirirsə, onun faizi də artır və vəsaitin məbləğindən asılı olaraq bu, 20 faizə çatır. İllik ödəmə faizi isə onlardan ayrı hesablanır. Məsələn, əgər bir nəfər 500 dollar məbləğində kredit alıbsa, o, hər ay 56 dollar ödəyir. 9 ay ərzində əlavə faiz isə 42 dollar təşkil edir. Həmin məbləğ 500 dolların 8,4 faizini təşkil edir ki, bu çox aşağı faizdir». İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bankların çətinliklərlə üzləşdiyi bir şəraitdə, təhsil kreditlərinin elə də geniş vüsət alacağına inanmadığını deyir: «Bankların faiz dərəcələri xeyli yüksəkdir. Belə bir halda təhsil krediti bahalı kreditə çevrilir. Bu isə tələbələri qane etməyəcək. Hər bir kredit kommersiya xarakteri daşıyır. Əgər kredit faizləri yüksək olarsa, bu, o qədər də cəlbedici olmayacaq və heç kim bundan yararlanmayacaq. Ötən il banklar üçün çox çətin bir dönəm olub, müəyyən çətinliklərlə qarşılaşıblar. Bundan sonrakı dövr də onların özlərini kompensasiya edəcək bir dövr olacaq. Belə halda bankların ucuz kredit vermək imkanı yoxdur. Çalışacaqlar ki, daha çox bahalı kredit versinlər». İqtisadçının sözlərinə görə, təhsil krediti layihəsi bankların hesabına həyata keçiriləcək bir layihə olduğundan, indiki halda bu konsepsiyanın işləməsi real görünmür: «Kreditlər ucuz ola bilməz. Çünki bankların ucuz kredit verməyə imkanı çatmır, bahalı kredit almaq da tələbə üçün maraqlı deyil. Bu konsepsiya 3-4 il bundan əvvəl kredit faizlərinin aşağı olduğu bir dövrdə irəli sürülsəydi, daha uğurlu alınardı. Düşünürəm ki, istənilən halda təhsil krediti təhsil haqlarının yüksək olması ilə birbaşa bağlıdır. Əhalinin orta aylıq gəliri, yaşayış minimumu ilə müqayisədə Azərbaycanda təhsil haqları çox yüksəkdir. Təhsil haqqının aşağı olması ilə bağlı qərar özəl universitetlərin özlərilə bağlı olsa da, dövlət ali təhsil müəssisələri təhsil haqlarını Tarif Şurası ilə razılaşdırmalıdır. Amma təəəsüf ki, buna əməl olunmur. Özəl orta məktəblərdəki təhsil haqları da öz bahalığına görə universitetlərdən geri qalmır. Amma indiki halda ali təhsil müəssisələrindəki təhsil xərclərinin aşağı salınması real görsənmir». Q.İbadoğlu deyir ki, xarici ölkələrdəki təhsil kreditlərinin faiz dərəcələri aşağı olmaqla yanaşı, vaxtı da uzunmüddətlidir: «Həmçinin xaricdə banklar bu kredit növünü tələbələrə iş yerindən arayış tələb etmədən verirlər. Və onlara imkan yaradılır ki, aldıqları krediti təhsillərini başa vurduqdan sonra, işləyərək hissə-hissə qaytarsınlar. Təhsil krediti aşağı faizlə verildiyindən, tələbə ali məktəbi bitirdikdən sonra həmin pulun üç-dörd qat artdığını banka geri qaytarmır. Amma bizdə bir bank bu imkanı yaratsa da, onun ayırdığı krediti almaq tələbəyə qətiyyən sərf etmir. Ona görə də bizdə banklar bu növ kreditlərin verilişinə maraq göstərmirlər. Problemin kökündə isə Azərbaycandakı ali təhsil ocaqlarında təhsil haqqının yüksək olması durur». Təhsil Problemləri İnstitutunun rəhbəri Abdulla Mehrabov iqtisadçı ekspertdən fərqli olaraq, təhsil haqlarının yüksək olmasının təhsil kreditilə heç bir əlaqəsinin olmadığını düşünür: «Təhsil krediti tələbəyə yardım məqsədi daşıyır. Və dünyanın əksər ölkələrində bu sistemdən çox uğurla istifadə olunur. Sadəcə olaraq ola bilsin ki, bizdəki təklif olunan kredit faizləri tələbələri qane etməsin. Ona görə də faiz dərəcələrini aşağı etmək lazımdır». A.Mehrabovun qənaətincə, bunun üçün bu sahəni dövlət tənzimləməlidir: «Faiz yüksək olanda tələbə düşünür ki, borcumu qaytarım, yoxsa faizi ödəyim. Bu, əlavə qayğılar yaradır. Ona görə də bu məsələ dövlət səviyyəsində həll olunaraq və faiz dərəcələri əvvəlcədən müəyyənləşdirilərək banklara təqdim olunmalıdır». Vəfa BABAYEVA
|