Çərşənbə günü AŞPA-da assambleyanın Mədəniyyət, elm və təhsil məsələləri üzrə Komitəsinin məruzəçisi, britaniyalı parlamentari Endryu Makintoşun “KİV azadlığına hörmət” məruzəsi müzakirə və qəbul edilib. O, AŞ ölkələrində KİV azadlığı sahəsində vəziyyətlə bağlı narahatlığını ifadə edib. 2007-ci ildən bu ölkələrdə 20-dən çox jurnalist, o cümlədən, Rusiyada 13 reportyor qətlə yetirilib. Xəbəri Strasburqdan Turanın müxbiri verib. ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də mətbuat üzərində dövlət nəzarəti qurulan bir sıra yeni müstəqil dövlətlərdə mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməsinə diqqət çəkib. O, həmçinin bəzi ölkələrdə İnternet üzərində nəzarət qurulması cəhdləri ilə bağlı narahatlığını bildirib. Azərbaycanın adı hesabatda KİV azadlığı ilə bağlı problemlərin olduğu ölkələr sırasında çəkilir. Konkret faktlar kimi “Tolışi sədo” qəzetinin redaktoru, siyasi məhbus kimi tanınmış Novruzəli Məmmədovun həbsdə vəfat etməsi qeyd edilir. “Parisdə yerləşən Beynəlxalq İnsan Hüquqları Federasiyası onun həbsxanada incidildiyini iddia edirdi. Bəzi beynəlxalq qruplar hesab edirdi ki, o, zəruri müalicə ilə də təmin edilməyib”, deyə məruzədə bildirilir. Həmçinin, 2007-ci ildə əvvəlcə böhtan, sonradan isə torrorla hədələmə və digər cinayətlərdə ittiham olunaraq ümumilikdə 8,5 il həbs cəzasına məhkum edilmiş Eynulla Fətullayevin işi xatırladılır. Bu zaman Fətullayevin rəhbərlik etdiyi “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetləri bağlanıb. Məruzədə həmçinin “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması və digər jurnalistlərə basqın və onların döyülməsi faktları, habelə bloggerlər Emin Milli və Adnan Hacızadənin əsassız həbsi xatırladılır. Azərbaycan Ermənistan və Belorusiya ilə birlikdə həm də ölkə teleməkanına ümumi dövlət nəzarəti olan ölkələr kimi göstərilib. Məruzədə mətbuat azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə bir sıra tövsiyələr yer alıb. Xüsusən, AŞ iştirakçısı olan ölkələrin və xüsusən “vəziyyətin spesifik olduğu” dövlətlərin - Azərbaycan, Rusiya və Türkiyə hökumətlərini böhtan və təhqir haqqında qanunvericiliklərinə yenidən baxmağa çağırmaq təklif olunub. Qanunlardan tənqidi səsləri susmağa məcbur etmək üçün istifadə olunmamalıdır, deyə məruzədə qeyd edilib. Azərbaycan Ermənistan, İtaliya, Moldova, RF, Ukrayna və Belorusya ilə yanaşı, bütün siyasi partiyaların və namizədlərin KİV-ə ədalətli və bərabər çıxışına (xüsusən, seçki kampaniyaları zamanı) zəmanət verilməsi zəruri olan ölkələr sırasında göstərilir. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda KİV-in tamamilə azad olduğunu iddia etməyə çalışıb. “Bəli, KİV-in müstəqilliyi nöqteyi-nəzərdən problemlər ola bilər, belə ki, onların əksəriyyəti siyasi partiyalardan asılıdır. Amma mətbuat azadlığı cəhətdən KİV tamamilə azaddır”, deyə Seyidov bildirib. Bu zaman o, ölkədə 3500 KİV orqanının fəaliyyət göstərdiyini, dövlətin medianın inkişafına 1 mln. 300 min avro ayırdığını qeyd edib. Seyidov hesab edir ki, Avropada Azərbaycanda KİV problemi “həddindən artıq şişirdilir”, bu zaman Azərbaycan qaçqınlarının problemlərinə kifayət qədər diqqət yetirilmir. Lakin Haraşti Seyidovun bəyanatlarını təkzib edərək deyib ki, “Azərbaycanda reallıq cənab Seyidovun sözlərindən fərqlənir”. Eynulla Fətullayevin işinə toxunan Haraşti bildirib ki, ona qarşı yeni - qanunsuz narkotik saxlamaq ittihamı əsassızdır. “Mən iki dəfə Fətullayevə həbsdə baş çəkmişəm və onun saxlandığı həbsxanaya ən ciddi şəkildə nəzarət olunur”, deyə Haraşti bildirib. O, Azərbaycan hökumətini təxribatlara və jurnalistlərin saxta ittihamlarla təqibinə son qoymağa çağırıb. Məruzədə Azərbaycanla yanaşı, Ermənistan və Rusiya da ciddi tənqidə məruz qalıb. RF nümayəndələri məruzə müəllifini qərəzlilikdə ittiham etməyə çalışıblar və jurnalistlərin qətlə yetirilməsi faktları üzrə araşdırmalar aparıldığını iddia ediblər. Öz növbəsində, Haraşti bildirib ki, jurnalistlərə qarşı cinayətlərə adi cinayət işləri kimi deyil, söz azadlığına və demokratiyaya qəsd kimi baxılmalı və bu cinayətlərin üstünün açılması üçün əlavə səylər göstərilməlidir.
TURAN
|