Avropa Şurası Azərbaycanın bu qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün böyük iş həyata keçirir. Bu barədə yanvarın 25-də Strasburqda AŞPA-nın qış sessiyası açılmazdan əvvəl keçirilən mətbuat konfransında AŞPA prezidenti vəzifəsini təhvil verən Luis Mariya de Puç bildirib. Həbs edilmiş blogger və jurnalistlər probleminin həlli məqsədilə görülə biləcək tədbirlər haqqında suala cavab verən Puç deyib ki, o, şəxsən bu məsələni İlham Əliyev, Azərbaycan hökumətinin üzvləri, Azərbaycanın Strasburqdakı nümayəndələri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə müzakirə edib. “Biz siyasi və bizim əsassız hesab etdiyimiz digər səbəblərdən həbs edilmiş şəxslərin azad edilməsi istiqamətində işi davam etdiririk”, deyə Puç qeyd edib. Bu məsələdə “müəyyən irəliləyişlər” olduğunu vurğulayan Puç əlavə edib ki, “AŞPA Azərbaycanın özünü demokratik prinsiplərə uyğun aparması üçün israr etməkdə davam edəcək”, Gələcək karyerası barədə danışan Puç bildirib ki, ən azı 2012-ci ilə - İspaniyada Senata növbəti seçkilərə qədər assambleyanın üzvü olaraq qalacaq. AŞPA prezidenti vəzifəsində fəaliyyətinin nəticələrini qiymətləndirən Puç təşkilatın yeni baş katibinin seçilməsi məsələsində gərginliyin uğurla aradan qaldırıldığını qeyd edib. Eyni zamanda, o, AŞPA-nın 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan və Rusiya nümayəndə heyətləri arasında dialoq qurmaq cəhdlərinin baş tutmadığını vurğulayıb. Bundan başqa, o, Belorusiyanın Avropa qurumlarına inteqrasiya üzrə uğursuzluğunu təəssüflə qeyd edib. “Ölkədə bu yaxınlarda ölüm hökmünün icrasından sonra Belorusiyanın inteqrasiyası mümkünsüzdür. Təəssüf ki, AŞ-da 48 deyil, 47 üzv qalacaq”, deyə Puç bildirib. TURAN
|